Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının Prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişlər.

06 noyabr 2013 | 16:00

Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının Prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişlər. Qonağı Qəbələ Beynəlxalq Hava Limanında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılamışdır. Qəbələ rayonu ilə yaxından tanış olan Canfranko Ravaziniyə qəbələ şəhərinin tarixi, rayonda  sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələrdən və bütün sahələrdə nəzərə çarpan uğurlardan haqqında ətraflı məlumat verilmişdir. İlk öncə nümayəndə heyəti  Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirmişlər. Muzeylə tanışlıq zamanı nümayəndə heyətinə məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri çəlb etmişdir. Canfranko Ravazini muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini qeyd etmişdir. Daha sonra nümayəndə heyəti rayonun sənaye müəssisələrindən olan "Beltmann" piano fabrikində istehsal prosesini yaxından izləmiş, burada hazırlanan məhsulların sərgisinə baxış keçirmişlər. Məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür. Nümayəndə heyəti Qəbələ konserv zavodunda istehsal prosesini də yaxından izləmişlər. Məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Rayonla tanışlıq zamanı qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının Prezidenti kardinal Canfranko Ravazininin başçılıq etdiyi nümayəndə heyəti rayonun Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsinə də baxış keçirmişlər. Qəsəbədə yaşayan azsaylı xalqların yaşayış tərzi, kilsənin tarixi, fəaliyyəti ilə yaxından maraqlanan nümayəndə heyətinə məlumat verilmişdir  ki, “Cotari“ Alban kilsəsi (məbədi) Qəbələ rayonunun Nic qəsəbəsində tarixi baxımdan ən əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Burada azərbaycanlılar, ləzgilər, udinlər mehriban şəkildə bir yerdə yaşayırlar. Rayondan xoş təəsüratla ayrılan Canfranko Ravazini Qəbələ rayonunun tarixi mədəni, unikal təbii-iqlim şəraiti olan gözəl bir məkan olduğunu bildirmişdir. Qonağa RİH başçısı Səbuhi Abdullayev tərəfindən xatirə hədiyyəsi təqdim olunmuşdur.

Keçidlər